"Gələn ilin ikinci yarısından ambulator müalicə üçün dərman vasitələri ilə təmin edilmə icbari tibbi sığorta paketinə əlavə ediləcək".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, ambulator müalicə üçün dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Zaur Əliyev, həmçinin gələn il icbari tibbi sığorta zərfində nəzərdə tutulan dəyişikliklər barədə də məlumat verib. Onun sözlərinə görə, beyin və boyun anevrizmalarının endovaskulyar üsulla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya (EVLA) intraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyası və kəllə sümüklərinin metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi ventrikulyar şuntların qoyulması və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması gələn ildən icbari tibbi sığortanın xidmətlər zərfinə əlavə ediləcək.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, ambulator müalicə dərmanlarının sığorta paketinə daxil edilməsinə çox yaxşı baxır:
“Hamının arzusu idi ki, tibbi sığorta qəbul olunsun və insanlar az əziyyət çəksinlər. Artıq bu qərar qəbul olunub. İnsanlar sığorta ilə xəstə qəbul edən həkimlərin yanına getməkdən qorxmamalıdırlar. Ümumiyyətlə dünyanın heç bir ölkəsində, ilk vaxtlar, tibbi sığorta normal relsə düşməyib. Azərbaycanda da bu islahat ilkdir. Çətinliklər var, amma mən müsbət qiymətləndirirəm. Digər tərəfdən özəl və dövlət xəstəxanası arasında çox fərq var. Özəl xəstəxana özünü dolandıracaq sahibkarlıq subyektidir. Dövlət xəstəxanası isə dövlətin tabeçiliyindədir. Əsas fərq odur ki, ən peşəkar həkimlər özəl xəstəxanada çalışmaq istəyirlər. Çünki orada qazanc daha çox olur. İnsanlarımızın özəldə də, dövlətdə də axtardığı həkimin peşəkarlığıdır. Peşəkar həkim harada çoxdursa, xəstələr də ora gedir”.