Plastik cərrahiyyə əməliyyatları ilə bağlı xüsusi qaydalar müəyyən edilməlidir
“Ümumi qaydalar və tələblər dövlət müəssisələrinə, eləcə də özəl tibb müəssisələrinə şamil edilməlidir. Bu məsələlərlə bağlı pərakəndəlik və qanunlarda boşluqlar mövcuddur”
Səhiyyə Nazirliyi plastik cərrahlara növbəti dəfə xəbərdarlıq edib. Nazirliyin müraciətində qeyd edilir ki, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Şübhəsiz, SN-nin həm bu, həm də öncəki müraciəti və xəbərdarlığına səbəb son zamanlar plastik cərrahiyyələrdən ölüm hallarının baş verməsi və saxta cərrahlarla bağlı mediada, sosial şəbəkələrdə yayılan məlumatlar oldu. Plastik cərrahiyyə ölkəmizdə elə bir sürət alıb ki, qarşısını almaq mümkünsüz kimi görünə bilər. Lakin mümkünsüz deyil. Olmamalıdır da. İctimai yerlərdə bir-birinin nəinki bənzəri, oxşarı, hətta təkrarı, eynisi olan insanlarla hər gün dəfələrlə rastlaşırıq. Saçın rəngi, burun forması eyni, dodaqlar eyni, qaşlar eyni, gözün rəngi eyni (gözün rəngini də dəyişdirməyə başladılar), sinə, arxa, ön... hamısı eyni. Sanki konveyerdən çıxır bu adamlar. Təpədən dırnağa qədər bir-birinin təkrarı olan insanlarla doludur şəhər. Bəziləri üzündə, gözündə hətta o qədər dəyişiklik edib ki, gömrükdə, pasport qeydiyyatında kompüter vətəndaşı tanımır. Kompüter “lal-lal” baxır adama, onun pasportda, şəxsiyyət vəsiqəsindəki adam olduğunu təsdiqləyə bilmir. Plastik əməliyyat etdirmək hər kəsin şəxsi seçimidir, deyə də bilərik. Amma vəziyyət kritik hal alırsa, hesab edirik, şəxsi seçimlərin önü alınmalıdır. Xüsusən əməliyyatlar ölümlə nəticələnirsə və belə faciəli hadisələrin sayı artırsa. Bunun qarşısının alınmasının bir yolu, üsulu mütləq olmalıdır. Səhiyyə Nazirliyi lisenziyaların təqdim edilməsi tələbini qoyub. Bu, plastik cərrahiyyədə müsbətə doğru dönüş nöqtəsi olacaqmı?
ADTU-nun professoru, tibb elmləri doktoru Adil Qeybulla “Sherg.az"a açıqlamasında qeyd etdi ki, plastik əməliyyatdan əvvəl risk faktorları mütləq yoxlanmalıdır:
- Şəxsin sağlıq durumu, hansı xəstəlikləri keçirib, əməliyyat qərarı verilibsə, hazırkı durumu necədir, xroniki xəstəlikləri varmı, ürək-damar sistemi, qan dövranı, qanda şəkərin miqdarı, şəkərli diabetə meyillilik, ümumi sağlamlığı ciddi şəkildə müayinələr, qan analizləri vasitəsilə yoxlanmalıdır. Bəzən əməliyyat zamanı infeksiya məsələsi, xüsusilə sterillik qaydaları, aseptik konsepsiyalar gözlənilmir, xəstələr lazımınca yoxlanmır. Bu da müəyyən fəsadlara yol açır. Bəzi xəstələrin əməliyyatdan sonra xəstəxanada müəyyən müddət qalması tələb olunur, çünki onlar ciddi bir əməliyyata məruz qalır, bədəndən xeyli piy çıxarılır, onların yeri dəyişdirilir və s. Belə situasiyalarda orqanizmin reabilitasiyaya ehtiyacı var. Onlara vena daxilinə maye və dərmanlar verilməlidir və s. Amma bu prosedurlar həyata keçirilmir. Və təəssüf ki, bəzən faciəli sonluqlar yaşanır. Hesab edirəm ki, plastik cərrahiyyə əməliyyatları ilə bağlı xüsusi qaydalar müəyyən edilməli, protokollar tərtib olunmalıdır. Kimlərə plastik əməliyyat olunmağa izin verilir, kimlərə izin verilə bilməz. Həmçinin plastik cərrahiyyə ilə məşğul olan cərrahlarla bağlı da konkret qaydalar işlənməli və tətbiq edilməlidir. Bu sahədə ixtisaslaşmış cərrahlar çalışmalıdır. Ümumi qaydalar və tələblər dövlət müəssisələrinə, eləcə də özəl tibb müəssisələrinə şamil edilməlidir. Bu məsələlərlə bağlı pərakəndəlik və qanunlarda boşluqlar mövcuddur. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə bağlı da ciddi problemlər var. Hazırda bu məsələlər müzakirə olunur. Dövlət qurumları problemə ciddi yanaşmalıdır.
A.Qeybulla qeyd etdi ki, hazırda ölkəmizdə aparılan əməliyyatlar estetik əməliyyatlardır:
- Bura bədənin kontraplastikası, müxtəlif augmentasiyalar, böyütmə, kiçiltmə, reduksiyalar, liftinglər, qaldırma tipində olan əməliyyatlar daxildir. Bütün bunların hamısı hazırda geniş vüsət alıb. Xüsusilə burun estetikası geniş yayılıb. Xarici görünüşü dəyişdirmək istəyənlər çoxdur, gündən-günə də artır. Lakin insanlar bəzən estetik əməliyyatların onların səhhətində hansı fəsadlara səbəb olacağını bilmirlər, bu barədə düşünmürlər.
A.Qeybulla bildirdi ki, lisenziya və akkreditasiya ilə bağlı dünyada mövcud qaydalar var:
- Birincisi, mülkiyyət formasından asılı olmayaraq (dövlət, özəl, bələdiyyə, sığortalı) bütün tibb müəssisələri tibbin qanunları ilə işləməlidir. Özəl klinika o demək deyil ki, nə istəsələr edə bilərlər. Xeyr. Harada olmasından asılı olmayaraq Azərbaycan qanunvericiliyindən kənar nəsə baş verirsə, bu, qanun pozuntusudur. İkincisi, sertifikasiya imtahanı prosesi ləğv edilməlidir. Bu, tamamilə yanlış qərardır və müəyyən korporativ maraqlar səbəbindən hələ də həllini tapmayıb. Sertifikasiya sistemi ləğv edilməli, akkreditasiya sistemi yaradılmalıdır. Hər bir kəsə, müəssisəyə sənədlər yoxlandıqdan sonra fəaliyyət lisenziyası verilir. Müxtəlif müddətlərə. Lisenziya müddəti bitdikdən sonra yenidən uzadılır. Və burada şəxs həmin lisenziya müddətində nə qədər təcrübə mübadiləsi keçib, hansı xarici ölkələrdə olub, konfranslarda iştirak edib, ixtisasalaşma keçib, hamısı qeyd olunur. Bu sistemə keçildikdən sonra bu cür biabırçılıqlara yer qalmır. Bunlar dünyada qəbul olunmuş üsullardır. Biz niyə bu yolla getmirik, nəsə başqa üsul, variant axtarırıq?!