Hər şeyə qatdığınız bu qida çox faydalıdır
Yeni araşdırmalar mütəmadi yoqurt istehlakının bəzi xərçəng növlərinə qarşı qoruyucu ola biləcəyini ortaya qoyur.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, yoqurt xüsusilə kolorektal (qalın bağırsaq) xərçəngi riskinin azaldılmasında mühüm rol oynayır. Son illərdə 55 yaşdan aşağı şəxslərdə qalın bağırsaq xərçəngi halları dünya miqyasında iki dəfə artıb, diaqnoz qoyulma nisbəti isə təxminən 20% yüksəlib. Bu vəziyyət, xəstəliyin səbəbləri və ondan qorunma yolları ilə bağlı aparılan tədqiqatları daha da vacib edir.
Mütəxəssislərə görə, yoqurt istehlakı bağırsaq mikrobiomunu (bağırsaqda yaşayan faydalı bakterilər) müsbət şəkildə dəyişdirərək aqressiv kolon xərçəngi növlərinə qarşı qoruma təmin edir. Bağırsaq florasının balansı, həzm sistemi, immun funksiyalar və hətta xərçəng riski üzərində böyük təsirə malikdir. Aparılan araşdırmalarda, yoqurtdakı Lactobacillus bulgaricus və Streptococcus thermophilus kimi faydalı bakteriyaların bu balansı qorumağa kömək etdiyi müəyyən edilib.
Təxminən 150 min insanın uzun illər izlənildiyi bir araşdırmada, həftədə iki və ya daha çox porsiya yoğurt istehlak edənlərin, xüsusilə qalın bağırsağın sağ tərəfində yaranan və sağ qalma nisbəti daha aşağı olan aqressiv kolon xərçəngi növünə yoluxma riskinin daha az olduğu müşahidə olunub. Araşdırmaçılar, yoqurt yeyən şəxslərin şiş toxumalarında daha çox Bifidobacterium bakteriyasının olduğunu bildiriblər.
Tədqiqatlara görə, yoqurtun tərkibindəki probiotiklər bağırsaqlardakı bakteriya müxtəlifliyini artıraraq iltihablanmanı azaldır və kanserogen (xərçəng yaradan) maddələrin səviyyəsini aşağı salır. Bundan əlavə, yoqurt bağırsaq divarının bütövlüyünü qoruyaraq zərərli maddələrin qana qarışmasının qarşısını alır.
Yoqurtun bağırsaq sağlamlığına faydalarından əlavə, sümük sıxlığını artırdığı, qan təzyiqini aşağı saldığı və ürək-damar xəstəlikləri riskini azaltdığı da məlumdur. Bəzi araşdırmalar, müntəzəm qatıq istehlakının tip 2 şəkərli diabet riskini də azalda biləcəyini irəli sürür. Lakin istifadə olunan yoqurtun növü çox önəmlidir.
Tədqiqatçılar şəkər əlavə edilmiş, dadlandırılmış yoqurtdan uzaq durmağı tövsiyə edirlər. Çünki artıq şəkər istifadəsi kökəlməyə səbəb olaraq piylənmə və xərçəng riskini artırır. Bunun əvəzinə canlı mədəniyyətlər (bakteriyalar) olan sadə yoqurtlar seçilməlidir. Xüsusilə ənənəvi yoqurtlar daha yüksək protein və daha az şəkər tərkibi ilə sağlam seçim ola bilər.
Dünya üzrə hər il yüz minlərlə insana təsir edən bağırsaq xərçənginə qarşı qorunmada sağlam qidalanma, müntəzəm fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq kimi faktorlar böyük rol oynayır. Lakin alimlərə görə, yoqurtu qidalanma rutininizə əlavə etmək, xərçəng riskinizi azaltmağın sadə, amma təsirli bir yolu ola bilər.