Alimlərdən gözlənilməz nəticə: Tər qoxusu eşq deyil, təhlükə siqnalı verir

İnsanların bir-birinə cəlb olunmasında “feromonların həlledici rol oynadığı” barədə məşhur fikir elmi araşdırmalarla təsdiqlənməyib. Neyrobioloqlar müəyyən ediblər ki, insan burnu qarşı tərəfin qoxusunu daha çox təhlükə, xəstəlik və stress əlamətlərini müəyyənləşdirmək üçün analiz edir.

Sherg.az xəbər verir ki, araşdırmalara görə, qadınlar tanımadıqları kişilərin qoxusunu daha xoş hesab etsələr də, həyat yoldaşlarının və ya partnyorlarının qoxusunu daha cəlbedici və seksual kimi qiymətləndirirlər. Alimlər bunu feromonlarla deyil, emosional bağlılıq və yaxınlıq hissi ilə izah edirlər.

Tədqiqatlar həmçinin göstərib ki, qorxu keçirən və ya xəstə olan insanların tər qoxusu ətrafdakılarda şüuraltı narahatlıq yarada bilir. Hətta insan orqanizmi belə qoxuları hiss etdikdə potensial təhlükəyə qarşı müdafiə reaksiyası işə düşür.

Mütəxəssislərin qənaətinə görə, kəskin tər qoxusu ətrafdakılar tərəfindən ehtiras deyil, daha çox xəstəlik, stress və ya gigiyena problemi siqnalı kimi qəbul edilir. Buna görə dezodorantdan istifadə təkcə estetik deyil, həm də sosial rahatlıq baxımından əhəmiyyət daşıyır.