Ana südünün azalmasının səbəbləri və əlamətləri

Körpənin ilk altı ayında ən ideal qidası ana südüdür. Buna baxmayaraq, bir çox ana zaman-zaman südünün azaldığından narahat olur. Mütəxəssislər bildirirlər ki, ana südünün kifayət etmədiyini göstərən bəzi əsas əlamətlər mövcuddur.

Sherg.az xəbər verir ki, körpənin kifayət qədər çəki almaması və ya arıqlaması, yaşına uyğun sayda yaş və çirkli bez istifadə etməməsi, ağız quruluğu, tünd rəngli sidik kimi susuzlaşma əlamətlərinin yaranması, eləcə də ilk ayda gündə səkkiz dəfədən az əmizdirilməsi ana südünün çatışmazlığından xəbər verə bilər.

Mütəxəssislərin sözlərinə görə, ana südünün azalmasına hormonal kontraseptivlər, siqaret və alkoqol istifadəsi, süd vəzisinin iltihabı (mastit), döş əməliyyatları, körpənin döşü düzgün tutmaması və ya kifayət qədər tez-tez əmizdirilməməsi səbəb ola bilər.

Ana südünün artırılması üçün kifayət qədər maye qəbul etmək, balanslı qidalanmaq, körpəni tez-tez əmizdirmək və ehtiyac olduqda süd sağmaq tövsiyə olunur. Həkimlər həmçinin siqaret və alkoqoldan uzaq durmağı, kofein qəbulunu məhdudlaşdırmağı məsləhət görürlər. Bitki tərkibli əlavələrdən isə yalnız mütəxəssis məsləhəti ilə istifadə edilməlidir.