Yay istilərinin artması ilə birlikdə mütəxəssislər avtomobil salonunda yaranan yüksək temperaturun ciddi risklər yaratdığı barədə xəbərdarlıq edir.
Sherg.az xəbər verir ki, məlumata görə, çöldə hava 30°C olsa belə, qapalı avtomobilin içi cəmi 20 dəqiqəyə 50°C-ni keçir. Bu isə maşının içini “soba”ya çevirir və orada qalan əşyalar üçün təhlükə yaradır.
- Avtomobildə mütləq saxlanılmamalı əşyalar:
1. Dərmanlar
Yüksək temperatur dərmanların tərkibini poza bilər, təsirini azaldar və ya zərərli hala gətirir.
2. Telefon, planşet və poverbank
Lityum batareyalar istilikdə şişə, zədələnə və hətta alışır.
3. Sprey və aerozol məhsulları
Dezodorant, ətir və saç spreyi kimi məhsullar təzyiq artdığı üçün partlaya bilər.
4. Günəş kremi və kosmetik vasitələr
İstilik məhsulların tərkibini pozur və təsirini azaldır.
5. Qazlı içkilər
İstilikdə təzyiq artır və qablar partlaya bilər.
6. Qida məhsulları
Süd, ət və digər tez xarab olan məhsullar yüksək temperaturda sürətlə bakteriya yaradır və zəhərlənmə riski artır.
7. Ev heyvanlarına aid əşyalar
Plastik materiallar deformasiyaya uğrayır və zərərli maddələr ifraz edir.
Ən vacib xəbərdarlıq
Mütəxəssislər bildirir ki, heç bir halda uşaqlar, körpələr, yaşlılar və ev heyvanları qapalı avtomobildə tək buraxılmamalıdır. Hətta qısa müddət belə ciddi risk yaradır.