Dəri xərçəngi müalicəsində inqilabi yenilik

Cərrahi müdaxilə olmadan dəri xərçəngi müalicəsində yeni texnologiya hazırlanıb. Alimlər melanoma kimi ən aqressiv dəri xərçəngi növlərini sağlam toxumalara zərər vermədən məhv edə bilən “ağıllı yamaq” təqdim edib. Yeni üsul lazer enerjisi və xüsusi materiallarla işləyən elastik tibbi yamaq vasitəsilə xərçəng hüceyrələrini hədəf alır.

Yamağın tərkibində lazerlə işlənmiş qrafen və silikon polimer daxilində yerləşdirilmiş mis oksidi komponentləri var. Normal vəziyyətdə passiv qalan cihaz aşağı güclü lazerlə aktivləşir. Temperatur 42 dərəcəyə çatdıqda yamaq kontrollu şəkildə mis ionları ifraz edir. Bu ionlar şiş hüceyrələrinin daxilində güclü oksidativ stres yaradaraq onları məhv edir, sağlam toxumalara isə təsir göstərmir.

Laboratoriya heyvanları üzərində aparılan sınaqlarda cəmi 10 gün ərzində melanoma şişlərinin 97 faiz kiçildiyi müəyyən olunub. Bundan əlavə, texnologiyanın immun sistemini aktivləşdirərək xərçəngin digər orqanlara yayılmasının qarşısını aldığı bildirilib.

Saglamolun.Az