İllərdir “ödem atdıran möcüzəvi vasitə” kimi təqdim olunan detoks sularının artıq çəki və yağ yandırılmasına ciddi təsir göstərmədiyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, orqanizmdə detoksifikasiya prosesini əsasən qaraciyər və böyrəklər həyata keçirir, detoks sularının təsiri isə daha çox müvəqqəti su itkisi ilə məhdudlaşır.
Araşdırmalara görə, ödemin əsas səbəbləri həddindən artıq duz qəbulu, uzun müddət hərəkətsiz qalmaq, hormonal dəyişikliklər və isti hava şəraitidir. Kifayət qədər su içmək isə ödemi azaltmağın ən sadə və effektiv yollarından biri hesab olunur.
Detoks sularında tez-tez istifadə olunan xiyar, limon, cəfəri, nanə və zəncəfil kimi məhsulların yüngül sidikqovucu təsiri olsa da, onların yaratdığı dəyişikliklər məhdud və qısamüddətlidir. Mütəxəssislər vurğulayırlar ki, bu içkilər yağ yandırmır və davamlı çəki itkisinə səbəb olmur.

Həkimlər qeyd edirlər ki, qəfil yaranan, uzun müddət keçməyən və ya yalnız bir ayaqda müşahidə olunan şişkinliklər ürək, böyrək və ya qaraciyər problemlərinin əlaməti ola bilər. Belə hallarda detoks sularına güvənmək əvəzinə tibbi müayinədən keçmək tövsiyə olunur.
Mütəxəssislərin qənaətinə görə, detoks suyu daha çox insanları su içməyə təşviq edən faydalı içkidir, lakin orqanizmin əsas “detoks” funksiyasını qaraciyər və böyrəklər yerinə yetirir.