Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı vəziyyətin daha da ağırlaşa biləcəyi bildirilir.
Oxu.Az "Actualité" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sosial və humanitar işlər naziri Eva Bazaiba Masudi açıqlama verib.
Nazirin sözlərinə görə, virus İturi vilayətində yerləşən məcburi köçkün düşərgələrinə yayılacağı təqdirdə gündəlik ölüm sayı 1000 nəfərə çata bilər.
Məlumata görə, İturi bölgəsində fəaliyyət göstərən 69 düşərgədə təxminən 1.15 milyon məcburi köçkün yaşayır.
Bundan əvvəl İturi və Şimali Kivu vilayətlərində bir gün ərzində 42 yeni Ebola yoluxması qeydə alındığı, ölkədə virusdan ölənlərin ümumi sayının isə 473 nəfərə çatdığı bildirilmişdi.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə ictimai səhiyyə vəziyyəti elan edib.
Qeyd olunur ki, bu, bölgədə Ebola virusunun 17-ci yayılmasıdır. Hazırda "Bundibugyo" ştamına qarşı təsdiqlənmiş müalicə üsulu və ya vaksin mövcud deyil.