Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 May - Ümumdünya Tütünsüz Günü ərəfəsində elektron siqaretlərin, xüsusilə uşaqlar və gənclər arasında sürətlə yayılmasından narahatlığını ifadə edib.
ÜST-nin məlumatına görə, dünyada 13-15 yaş arasında olan 40 milyon yeniyetmə tütün məhsullarından istifadə edir, 15 milyon gənc isə elektron siqaret çəkir. Tütün istifadəsi hər il 7 milyondan çox insanın ölümünə səbəb olur. Bundan əlavə, passiv siqaret tüstüsünə məruz qalma nəticəsində hər il 1,6 milyondan çox insan həyatını itirir.
Mütəxəssislər bildirirlər ki, elektron siqaretlərdə nikotin və digər zərərli maddələr mövcuddur. Bu məhsullar asılılıq yaradır, ağciyər və ürək-damar xəstəlikləri riskini artırır, həmçinin uşaq və yeniyetmələrin beyin inkişafına mənfi təsir göstərə bilir.
ÜST hesabatlarına əsasən, elektron siqaretlərin istifadəsi gənclər arasında böyüklərlə müqayisədə təxminən 9 dəfə daha geniş yayılıb. Qlobal elektron siqaret bazarı isə son illərdə sürətlə böyüyərək 2015-ci ildəki 7,8 milyard dollardan 2022-ci ildə 22,3 milyard dollara yüksəlib.
Mütəxəssislər qeyd edirlər ki, müxtəlif meyvə və şirniyyat aromaları, eləcə də sosial media üzərindən aparılan reklam kampaniyaları elektron siqaretləri gənclər üçün daha cəlbedici edir.
Diqqət çəkən məqamlardan biri də bəzi elektron siqaretlərin dodaq boyası, saat, oyuncaq və ya simsiz qulaqcıq formasında hazırlanaraq gizli istifadəyə imkan verməsidir. Bu cür məhsulların əsas hədəf auditoriyasının uşaqlar və yeniyetmələr olduğu bildirilir.
ÜST elektron siqaretlərin siqareti tərgitmək üçün effektiv vasitə olmadığını vurğulayır və ölkələri bu məhsulların satışına ciddi nəzarət etməyə, yaxud onları qadağan etməyə çağırır.
Mütəxəssislərin fikrincə, sağlamlığın qorunmasının ən etibarlı yolu həm ənənəvi siqaretlərdən, həm də elektron siqaretlərdən uzaq durmaqdır.