Evdə səhiyyə xidmətlərinə müraciətlər 3 gün ərzində cavablandırılacaq

Türkiyədə evdə səhiyyə xidmətləri ilə bağlı yeni qaydalar vətəndaşların xidmətlərə çıxışını asanlaşdıracaq.

Sherg.az xəbər verir ki, bu barədə Birlik və Həmrəylik Həmkarlar İttifaqının sədri Ahmet Mehlepçi bildirib.

Onun sözlərinə görə, yeni sistem çərçivəsində evdə səhiyyə xidmətləri, ailə həkimliyi, palyativ yardım və məsafədən tibbi xidmətlər vahid koordinasiya altında birləşdiriləcək.

Qaydalara əsasən, vətəndaşlar müraciətlərini e-Nabız sistemi, ailə həkimləri, xəstəxanalar və digər aidiyyəti qurumlar vasitəsilə edə biləcəklər. Müraciətlər daxil olduqdan sonra ən geci 3 gün ərzində cavablandırılacaq və ilkin ev ziyarəti həyata keçiriləcək.

Mehlepçi qeyd edib ki, yeni tənzimləmə xidmətlərin ölkə üzrə vahid standartlar əsasında göstərilməsinə kömək edəcək. Bununla yanaşı, o, ailə həkimlərinin üzərinə əlavə vəzifələrin düşdüyünü vurğulayaraq əlavə personal, maliyyə dəstəyi və hüquqi təminatların vacibliyinə diqqət çəkib.

Həmkarlar İttifaqı rəhbərinin fikrincə, ailə sağlamlıq mərkəzlərində iş yükünün artması xüsusilə əhalisi çox olan bölgələrdə müəyyən çətinliklər yarada bilər.