Gecəni iki hissəyə bölüb yatırdılar: İnsanlar “toyuq” və “bayquş” tiplərinə ayrılır 

İnsanlar orta əsrlərdə gecəni iki hissəyə bölərək yatırmışlar – “ilk yuxu” və “ikinci yuxu”. Mütəxəssislər bildirirlər ki, bu yuxu sistemi o dövrdə normal sayılırdı və insanların bioloji ritmi əsasən günəş işığına uyğun formalaşırdı.

Sherg.az xəbər verir ki, araşdırmalara görə, insanlar hava qaralandan sonra yatır, gecəyarısı oyanaraq dua edir, kitab oxuyur və ya gündəlik işlərlə məşğul olur, daha sonra yenidən yataraq səhərə qədər ikinci yuxuya keçirdilər.

Yuxu üzrə mütəxəssis Prof. Dr. Derya Karadəniz qeyd edib ki, insan orqanizmi əsasən gecə yatmağa proqramlaşdırılıb və keyfiyyətli, fasiləsiz yuxu beyin, immun sistemi və ümumi sağlamlıq üçün vacibdir. Onun sözlərinə görə, yuxunun tez-tez bölünməsi uzunmüddətli dövrdə diqqət, yaddaş və fiziki dözümlülüyə mənfi təsir göstərə bilər.

Mütəxəssis həmçinin insanların genetik olaraq iki tipə ayrıldığını bildirib: tez yatıb tez oyananlar “toyuq tipi”, gec yatıb gec oyananlar isə “bayquş tipi” adlandırılır. Ümumilikdə isə əksər insanlar üçün 6–8 saatlıq fasiləsiz yuxu ideal hesab olunur.