ABŞ-də aparılan araşdırma göstərib ki, gündə cəmi 4 dəqiqə güc məşqləri etmək yaşlı insanlarda əzələ gücünü, tarazlığı və hərəkət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Sherg.az xəbər verir ki, Pensilvaniya Dövlət Universitetinin alimlərinin 65 yaşdan yuxarı 97 nəfərin iştirakı ilə keçirdiyi 12 həftəlik tədqiqatda iştirakçılar dörd sadə hərəkəti hər gün cəmi 240 saniyə ərzində yerinə yetiriblər. Nəticələr nüfuzlu "PLOS One" jurnalında dərc olunub.
Məşq proqramına divardan və ya dayağa söykənərək qol bükmələri, stuldan qalxıb-oturma, elastik lentlə dartınma hərəkətləri və alçaq pilləyə çıxma daxildir.
12 həftənin sonunda məşq edən iştirakçılar stuldan qalxma sürətini artırıb, bir ayaq üzərində daha uzun müddət tarazlığı qoruya bilib və ümumi fiziki göstəricilərini yaxşılaşdırıblar. Nəzarət qrupunda isə nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.
Layihənin rəhbəri, professor Kristofer Skiamanna bildirib ki, insan orqanizmi müntəzəm fiziki fəaliyyətə tez reaksiya verir və hətta qısa müddətli məşqlər belə müsbət nəticələr yarada bilir.
Mütəxəssislər qeyd edirlər ki, bu cür sadə məşqlər yaşla bağlı əzələ itkisi və yıxılma riskinin qarşısının alınmasına kömək edə bilər. Bununla belə, 60 yaşdan yuxarı şəxslərə məşqlərə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.