Günəşə diqqət! UV şüaları gözlərdə qalıcı zədələr yaradır

Yay aylarında artan günəş şüalarının təkcə dəriyə deyil, göz sağlamlığına da ciddi zərər verə biləcəyi bildirilir.

Sherg.az xəbər verir ki, Göz Xəstəlikləri üzrə mütəxəssis Dr. Uğur Tunç ultrabənövşəyi (UV) şüaların xüsusilə korneada zədələnmələrə səbəb olduğunu deyib.

Onun sözlərinə görə, günün xüsusilə günorta saatlarında uzun müddət günəşə məruz qalmaq göz sağlamlığı üçün risk yaradır.

Mütəxəssis bildirib ki, UV filtrli günəş eynəklərinin istifadəsi təkcə komfort üçün deyil, gözlərin qorunması üçün də vacibdir.

Uğur Tunç əlavə edib ki, uşaqlar və göz problemi olan şəxslər daha diqqətli olmalı, 11:00–14:00 saatlarında birbaşa günəş altında qalmaqdan çəkinməlidirlər.

Həkim həmçinin ekran qarşısında uzun müddət qalmanın da göz həssaslığını artıra biləcəyini, bu səbəbdən bəzi insanlarda işığa qarşı narahatlığın yarana biləcəyini qeyd edib.

O, gözlərdə yanma, sulanma və işığa həssaslıq kimi əlamətlər uzun müddət davam edərsə, mütləq həkimə müraciət edilməsini tövsiyə edib.