Hantavirusa yoluxma yalnız gəmiricilərlə təmas zamanı baş verir - Mərdan Əliyev

"Bu virusin epidemiya riski çox aşağıdır. Yoluxmadan qorunmaq üçün məkanları təmizləyərkən xüsusi qoruyucu əlcək və maskalardan istifadə edilməlidir"

May ayı gəlişi ilə birgə yeni virusun yayılmasına dair qorxu toxumlarını beynəlxalq ictimaiyyətə spələdi. Niderland bayrağı altında üzən kruiz gəmisində hantavirusa yoluxma halları qeydə alınıb. 147 nəfər arasında 8-nin virusa yoluxduğu üzə çıxıb. Dəhşətlisi isə odur ki, 3 nəfər virusun doğurduğu fəsadlar ucbatından həyatını itirib.

Hantavirus Hollandiya, İsveçrə, Sinqapur, İsrail və Böyük Britaniyanı mühasirəyə alıb. Artıq müxtəlif ölkələrin müvafiq qurumları, hantavirusla bağlı tədbirləri gücləndirib. Koronavirus pandemiyasından yeni çıxan cəmiyyət üçün daha bir virusun yayılma riski böyük rezonans doğurub. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ölkəmizdə epidemioloji vəziyyətin sabit olduğunu diqqətə çatdırıb. 

Bəs bu virusun təməl qaynağı nədir və xəstəliyə yoluxma riski kimlər üçün daha yüksəkdir?

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev Sherg.az-a bildirib ki, xəstəliyin təməl qaynağı gəmiricilər, xüsusən də siçovullardır:

“Hantavirus onların sidik, nəcis və tüklərində olur. Yolumxa riski yüksək olanlar isə zirzəmilərdə təmizlik işləri aparan işçilərdir. Zirzəmilərdə, anbarlarda və köhnə evlərdə yeri süpürüb-silərkən siçanın quru nəcisi toz şəklində havaya qalxır. İnsan nəfəs aldıqda, virus ağciyərlərə daxil olur. Hantavirus infeksiyasının ilkin mərhələsi adətən nonspecific simptomlarla təzahür edir. Xəstələrdə yüksək hərarət, miyalgiya və artralgiya, xüsusilə bel-ayaq əzələlərində ağrılar, ümumi halsızlıq, ürəkbulanma, qusma və ishal müşahidə oluna bilər. Bu simptomlar prodromal mərhələdə, yəni xəstəliyin başlanğıc 2-4 günündə ortaya çıxır”. 

Həkimin sözlərinə görə, Prodromal mərhələdə simptomlar qeyri-spesifik olduğundan, hantavirus infeksiyası asanlıqla digər viral və ya bakterial infeksiyalarla qarışdırıla bilər:

“Hantavirus infeksiyası erkən mərhələdə aşkar olunduqda simptomatik və dəstək müalicəsi ilə sağalmaq mümkündür. Lakin hazırda buna qarşı spesifik müalicə metodu mövcud deyil. Peyvəndlərin hazırlanması üzərində tədqiqatlar aparılır. Adətən yeni virusların qarşısını almaq üçün peyvəndlər, potensial epidemik risk müəyyən edildikdə hazırlanır”.

M. Əliyev COVID-19 (koronavirus) və hantavirus arasındakı fərqləri izah edib:

“Koronavirus insandan-insana sürətli şəkildə, əsasən hava-damcı yolu ilə yoluxur. Lakin hantavirusda belə deyil. Yoluxma yalnız gəmiricilərlə qurulan təmas əsasında baş tutur. Bu virusin epidemiya riski çox aşağıdır. Yoluxmadan qorunmaq üçün gəmiricilərlə mübarizə tədbirləri həyata keçirilməli, gəmiricilərin mövcud olduğu məkanları təmizləyərkən xüsusi qoruyucu əlcək və maskalardan istifadə edilməlidir. Bütün bunlar yoluxma riskini əhəmiyyətli dərəcədə azaldacaq”.