Hantavirusla bağlı Avropanın daha bir ölkəsində karantin

Polşada bir nəfər hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "RMF FM" radiosu respublikanın baş sanitar müfəttişinə istinadən məlumat verib.

"Səbəb hantavirusun aşkarlanandığı kruiz gəmisindəki sərnişinlə mümkün təmasdır", - deyə məlumatda bildirilib.

Müşahidə altında olan şəxsdə xəstəliyin heç bir əlaməti aşkarlanmasa da, mütəxəssislər yeddi günlük karantin tətbiq ediblər.

Bundan öncə Fransa hökuməti hantavirus aşkarlanan şəxslərlə təmasda olmuş səkkiz nəfəri karantinə yerləşdirmişdi.

* Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ - VİDEO

* İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir" - FOTO

Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə yoluxma halı qeydə alınıb və yoluxmuş şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb.

Mayın 10-da gəmi İspaniyanın Tenerife adasının limanına çatıb və bundan sonra sərnişinlərin təxliyəsi əməliyyatı başlayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus insanların 10 uçuşda təxliyə edilməsinin planlaşdırıldığını bildirib. 14 İspaniya vətəndaşından ibarət ilk sərnişin qrupu paytaxtdakı xəstəxanalardan birinə aparılıb.