Həkim günəş yanığını xama ilə müalicə etməyin təhlükələrindən danışıb

Günəş yanıqlarının xama və ya kefirlə müalicəsi dəriyə daha çox zərər verə və infeksiya riskini artıra bilər.

Sherg.az xəbər verir ki, bu barədə terapevt və fizioterapevt Yevgeniya Axmadeyeva məlumat verib.

Onun sözlərinə görə, əvvəllər geniş yayılmış bu xalq üsulu yalnız müvəqqəti sərinlik hissi yaradır. Xamanın yüksək yağ tərkibi dərinin üzərində qoruyucu təbəqə əmələ gətirərək istiliyin xaric olmasına mane olur. Nəticədə istilik dərinin daha dərin qatlarına keçir və zədələnməni ağırlaşdırır. Bundan əlavə, qida məhsullarının zədələnmiş dəriyə çəkilməsi ikincili infeksiya riskini artırır.

Həkim günəş yanıqlarının müalicəsində ev üsulları əvəzinə aptekdə satılan xüsusi preparatlardan istifadə etməyi tövsiyə edib.

Mütəxəssis vurğulayıb ki, yüksək hərarət, çoxsaylı suluqlar, qusma, qıcolma hallarında və ya bir yaşınadək uşaq günəş yanığı aldıqda dərhal həkimə müraciət etmək lazımdır.

Yevgeniya Axmadeyevanın sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, 20 yaşına qədər beş və daha çox ağır günəş yanığı keçirən insanlarda gələcəkdə dəri xərçənginə tutulma riski əhəmiyyətli dərəcədə artır.