Kariyes birbaşa yoluxucu xəstəlik deyil və qrip və ya angina kimi öpüş vasitəsilə insandan insana keçmir.
Sherg.az xəbər verir ki, bu barədə terapevt Dmitri Demidik məlumat verib.
Həkimin sözlərinə görə, kariyesin yaranmasının əsas səbəbi ağız boşluğunda yaşayan, xüsusilə Streptococcus mutans qrupuna aid bakteriyalardır. Bu mikroorqanizmlər diş ərpində və tüpürcəkdə mövcud olur və yaxın təmas zamanı başqa insana keçə bilər.
Mütəxəssis bildirib ki, bakteriyalar öpüş, ümumi qab-qacaqdan istifadə, eyni diş fırçasının paylaşılması, həmçinin uşaqların əmzik və qaşıqlarının yalanması yolu ilə yayılır.
Demidik qeyd edib ki, bakteriyaların ötürülməsi hər zaman kariyesin yaranması demək deyil. Xəstəliyin inkişafında ağız gigiyenası, qidalanma vərdişləri, diş minasının vəziyyəti və immun sisteminin gücü də mühüm rol oynayır.
Həkimlər ağız boşluğunun sağlamlığını qorumaq üçün müntəzəm diş baxımı, düzgün qidalanma və stomatoloji müayinələrdən keçməyi tövsiyə edirlər.