Həkimdən xəbərdarlıq: Yenidoğulmuş körpələrin foto çəkilişi zamanı ehtiyatlı olun!

Yeni doğulan körpələrin onurğası, skelet və sinir sistemi olduqca həssas olduğundan çəkiliş zamanı baş və bel nahiyəsi mütləq dəstəklənməlidir. 

Sherg.az xəbər verir ki, Türkiyəli pediatr mütəxəssis Ufuk Ertural yenidoğulmuş körpələrin foto çəkilişi zamanı düzgün olmayan pozaların sağlamlığa zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Körpənin məcburi şəkildə müəyyən pozalara salınması əzələ, sinir, damar və skelet sistemində problemlərə səbəb olur.

Mütəxəssis bildirib ki, xüsusilə fotoqraflar arasında məşhur olan bəzi pozalar körpənin bədən elastikliyini həddindən artıq zorladıqda təhlükə yaradır. 

Ertural həmçinin çəkiliş zamanı istifadə olunan geyim və aksessuarların sıxmayan, rahat materiallardan seçilməsini tövsiyə edib. Onun sözlərinə görə, ağır papaqlar və dar bantlar körpənin baş nahiyəsinə mənfi təsir göstərə bilər.

Həkim foto çəkilişlərində güclü işıq və flaşdan istifadənin də arzuolunmaz olduğunu vurğulayaraq, körpələrin gözlərinin həssas olması səbəbindən yumşaq və təbii işıq altında çəkiliş aparılmasını məsləhət görüb.