İspaniya hantavirusa yoluxmuş gəmi sərnişinlərini təxliyə edəcək

Kanar adalarındakı Tenerife limanında lövbər salan Hollandiya bayrağı altında üzən "MV Hondius" gəmisinin hantavirusa yoluxmuş sərnişinləri təxliyə olunacaqlar.

Teleqraf xəbər verir ki, İspaniya hökuməti sərnişinləri hərbi qüvvələrlə təxliyə edəcək və ərazini karantinə alacaq.

Gəmidə 23 millətdən təxminən 150 sərnişin təxliyə olunacaq. İspaniya hökumət bütün hazırlıqları başa çatdırıb.

Daxili işlər və səhiyyə nazirliklərinin mətbuata verdiyi məlumata görə, virusun Tenerifedəki mülki əhali üçün heç bir təhlükəsi yoxdur.

Sərnişinlər vətəndaşı olduqları ölkələr üzrə təşkil edilmiş qayıqlarla gəmidən limana, oradan isə avtobuslarla Tenerife hava limanına aparılacaq.

Hərbi Təcili Yardım (MIR) bölməsinin əsgərləri tərəfindən nəzarət ediləcək təxliyədən əvvəl bütün sərnişinlər və heyət sağlamlıq yoxlamasından keçəcəklər.