İspaniya sahillərində anomal istilər fonunda “ət yeyən bakteriya” kimi tanınan Vibrio vulnificus bakteriyasının yayılması qeydə alınıb. Bu səbəbdən bəzi çimərliklər müvəqqəti bağlanıb.
Sherg.az xəbər verir ki, Epidemioloq Valeriya Kravtsovanın sözlərinə görə, yoluxma riski yüksək olmasa da, mövcuddur. Bakteriya əsasən çiy və ya kifayət qədər bişirilməmiş dəniz məhsullarının qəbulu, eləcə də açıq yaraların yoluxmuş su ilə təması nəticəsində insan orqanizminə keçə bilər.
Mütəxəssis bildirib ki, dəniz suyunun temperaturunun yüksəlməsi bakteriyanın çoxalmasını sürətləndirir. Xroniki xəstəlikləri və ya zəif immun sistemi olan şəxslərin daha diqqətli olmaları tövsiyə edilir.
Kravtsova qeyd edib ki, Vibrio vulnificus ilə bağlı tək-tək yoluxma halları Rusiyada, o cümlədən Qara dənizdə də qeydə alınıb. Həkimlər riskin azaldılması üçün çiy dəniz məhsullarından uzaq durmağı və açıq yaralar olduqda dənizə girməməyi məsləhət görürlər.