Körpələrdə göz yaşı kanalı tutulması masajla aradan qalxa bilər

Doğuşdan sonrakı ilk həftələrdə körpələrdə müşahidə olunan göz yaşarması və göz qapaqlarında ifrazatın toplanması çox vaxt ciddi qəbul edilməsə də, bunun əsas səbəbi anadangəlmə göz yaşı kanalı tutulmasıdır.

Sherg.az xəbər verir ki, göz xəstəlikləri üzrə türk mütəxəssis dosent doktor Şənay Aşıq bildirib ki, körpələrdə göz yaşı kanalının tutulması düzgün tətbiq olunan masaj vasitəsilə təxminən 95 faiz hallarda cərrahi müdaxiləyə ehtiyac qalmadan müalicə olunur.

Mütəxəssis qeyd edib ki, bu əlamətlər əksər hallarda məhz anadangəlmə göz yaşı kanalı tutulmasından qaynaqlanır və vaxtında müdaxilə böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, normal şəraitdə göz yaşı gözün daxili küncündə yerləşən kiçik dəliklərdən göz yaşı kisəsinə, oradan isə burun boşluğuna axır. Lakin bəzi körpələrdə kanalın burun tərəfi nazik bir pərdə ilə bağlı qalır.

Bu vəziyyət göz yaşının xaricə axmasına və zamanla gözlərdə çirklənmə və yapışqan ifrazatın yaranmasına səbəb olur. Bəzi hallarda göz yaşı kisəsi nahiyəsində şişkinlik də müşahidə olunur.

Dosent Şənay Aşıq bildirib ki, müalicənin əsasını düzgün aparılan masaj təşkil edir:

“Gözün daxili küncündə yerləşən göz yaşı kisəsinə gündə ən azı 10 dəfə, təxminən bir dəqiqə ərzində təzyiq göstərilərək edilən masaj sayəsində körpələrin təxminən 95 faizində kanal öz-özünə açılır. Masaj kisədə təzyiq yaradaraq aşağı hissədəki pərdənin açılmasına kömək edir. Hər iki göz təsirlənibsə, masaj hər iki tərəfə tətbiq oluna bilər”.

İnfeksiya zamanı antibiotikli damcı və məlhəm də istifadə edilməlidir

Mütəxəssis qeyd edib ki, bəzi körpələrdə göz yaşı kisəsi iltihablanır. Bu zaman güclü ifrazat, şişkinlik və göz qapaqlarında qızartı yaranır.

Onun sözlərinə görə, belə hallarda masajla yanaşı, antibiotikli göz damcıları və məlhəmlərdən istifadə edilməsi də körpənin vəziyyətini yüngülləşdirir.

Masajla nəticə əldə olunmayan və tez-tez infeksiya keçirən uşaqlarda isə “probinq” adlanan zondlama üsulu tətbiq olunur.

Şənay Aşıq bildirib ki, bu prosedur ümumi anesteziya altında təxminən 10 dəqiqə davam edir və uğur göstəricisi 95 faizə qədər yüksəlir. Bəzi hallarda silikon borunun yerləşdirilməsi də tələb olunur.

Mütəxəssis vurğulayıb ki, müalicə bir yaşdan sonraya saxlanılmamalıdır:

“Masajı düzgün yerinə yetirən ailələrdə bir yaşa qədər gözləmək mümkündür. Lakin müntəzəm nəzarət olmazsa, kanalın quruluşundakı pərdə qalınlaşa və müalicə çətinləşə bilər. Buna görə də körpələrin mütəmadi göz müayinəsindən keçirilməsi çox vacibdir”.