Həzm sistemi hələ tam formalaşmayan körpələrdə hıçqırıq tez-tez müşahidə olunan və adətən narahatlıq yaratmayan bir haldır.
Hıçqırıq diafraqmanın ritmik yığılması nəticəsində yaranır və bu zaman ağciyərlərə daxil olan hava səs tellərinə toxunaraq “hıq” səsinə səbəb olur. Körpələrdə bu proses daha tez-tez baş verir və əsasən qidalanma ilə əlaqələndirilir.
Mütəxəssislərin məlumatına görə, körpələr ana bətnində belə hıçqırmağa başlayır və yenidoğulmuş dövrdə vaxtlarının təxminən 2 faizini hıçqırıqla keçirə bilirlər. 3-4 aylıqdan sonra isə bu hallar tədricən azalır.
Körpələr niyə hıçqırır?
Körpələr qidalanma zamanı hava udduqda və ya həddindən artıq qidalandıqda diafraqma qıcıqlanır. Bu isə hıçqırığın əsas səbəblərindən biridir. Bəzən bu hal körpənin doymasını göstərsə də, yanlış qidalanma pozisiyası və ya hava udma da səbəb olur.
Valideynlər nə etməlidir?
Hıçqırıq adətən qısa müddətli olur və öz-özünə keçir. Buna baxmayaraq, mütəxəssislər aşağıdakı hallara diqqət etməyi tövsiyə edir:
Körpənin hıçqırıq vaxtlarını izləmək
Qidalanmadan sonra qazını çıxarmaq
Biberon istifadə edilirsə, hava keçirməyən modellərə üstünlük vermək
Tez-tez təkrarlanırsa və qusma ilə müşayiət olunursa, həkimə müraciət etmək
Əksər hallarda hıçqırıq təhlükəli deyil və körpənin inkişafının normal bir hissəsi hesab olunur.