Limonadlı qəhvə yeni trendə çevrilir

Son vaxtlar sosial şəbəkələrdə və qəhvəsevərlər arasında limonadlı qəhvə – Mazagran adlanan içki yenidən populyarlıq qazanır. Mütəxəssislər bildirirlər ki, bu fərqli dad qəhvənin acılığını sitrusun təravəti ilə birləşdirir.

Sherg.az xəbər verir ki, Mazagran qəhvəsinin tarixi XIX əsrə gedib çıxır. Rəvayətə görə, 1840-cı illərdə Əlcəzairdəki Mazagran qalasının mühasirəsi zamanı fransız əsgərləri isti havada sərinləmək üçün qəhvələrinə soyuq su əlavə ediblər. Daha sonra Paris kafelərində bu içkiyə limon suyu da qatılmağa başlayıb və beləliklə Mazagran meydana gəlib.

İçki adətən buz, espresso, limon suyu və az miqdarda şəkərlə hazırlanır, bəzən isə nanə yarpaqları ilə servis edilir.

Qeyd olunur ki, qəhvə qısa müddətdə ayıqlığı və enerjini artıra bilsə də, limonadlı qəhvənin "həyatı dəyişdirməsi" barədə iddiaların elmi əsası yoxdur. Bununla belə, fərqli dad axtaran qəhvə həvəskarları üçün Mazagran maraqlı alternativ hesab edilir.