Mineral suları niyə yaşıl şüşələrdə satılır? - Səbəbi düşündüyünüzdən fərqlidir

Market rəflərində müxtəlif markalara məxsus mineral suları fərqli etiketlərdə təqdim olunsa da, onların böyük əksəriyyətinin yaşıl şüşələrdə satılması təsadüfi deyil.

Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaşıl şüşədən istifadənin əsas məqsədi estetik görünüş deyil, mineral suyunun təbii tərkibini və özünəməxsus dadını qorumaqdır. Bu üsul uzun illərdir içki sənayesində elmi əsaslara söykənən qoruma metodu kimi tətbiq olunur.

Bildirilir ki, təbii mineral suları yeraltı mənbələrdən çıxarıldığı vəziyyətdə qablaşdırılır və tərkibindəki minerallar ona xüsusi dad verir. Lakin uzun müddət işığa məruz qaldıqda içkinin dad və aromasında müəyyən dəyişikliklər baş verə bilər. Məhz buna görə istehsalçılar yaşıl rəngli şüşələrə üstünlük verirlər.

Qida mühəndisləri qeyd edirlər ki, şüşə materialı neytral xüsusiyyətə malik olduğundan məhsulun dadını, qoxusunu və tərkibini dəyişmir. Bu səbəbdən təbii mineral suları kimi həssas məhsullar üçün şüşə qablaşdırma plastik qablardan daha təhlükəsiz hesab olunur.

Bununla belə, şəffaf şüşə günəş şüalarını, xüsusilə ultrabənövşəyi (UV) şüaları böyük ölçüdə keçirdiyi üçün məhsul xarici təsirlərə məruz qala bilir. Mütəxəssislər bildirirlər ki, uzun müddət günəş altında və ya güclü mağaza işıqlandırması altında qalan içkilərdə dad dəyişiklikləri yarana bilər.

Yaşıl şüşənin əsas üstünlüyü isə zərərli ultrabənövşəyi şüaların böyük hissəsini süzməsidir. Araşdırmalar göstərir ki, rəngli şüşələr UV şüalarının təsirini azaltmaqla içkinin daha uzun müddət sabit keyfiyyətdə qalmasına kömək edir. Beləliklə, istehsalçılar mineral suyunun mənbədən çıxdığı andakı təravətini satış müddəti boyunca maksimum dərəcədə qorumağa çalışırlar.

Mütəxəssislər istehlakçılar arasında yayılmış yanlış təsəvvürlərdən birinə də aydınlıq gətiriblər. Onların sözlərinə görə, işığa məruz qalması mineral suyunun tərkibindəki kalsium, maqnezium, natrium və bikarbonat kimi mineralların itməsinə səbəb olmur.

Araşdırmalara əsasən, qəhvəyi şüşələr ultrabənövşəyi şüalardan qorunma baxımından yaşıl şüşələrdən daha effektiv olsa da, mineral su sənayesində ən geniş istifadə olunan qablaşdırma hələ də yaşıl şüşələrdir.

Ekspertlər onu da vurğulayırlar ki, yaşıl şüşədə satılan hər mineral suyun daha keyfiyyətli olması barədə fikir doğru deyil. Mineral suyun keyfiyyətini müəyyən edən əsas amillər su mənbəyinin geoloji xüsusiyyətləri, mineral tərkibi, qablaşdırma zamanı gigiyena qaydalarına riayət olunması və məhsulun düzgün saxlanılmasıdır.