Mütəxəssis xəbərdarlıq etdi: İsti havalarda infarkt riski artır

Türk kardioloq Ender Özal yay aylarında temperatur və rütubətin artmasının ürək-damar sistemi üçün ciddi risklər yaratdığını bildirib.

Sherg.az xəbər verir ki, Ender Özalın sözlərinə görə, isti havalarda tərləmənin artması nəticəsində orqanizm çoxlu maye və elektrolit itirir. Bu isə qanın qatılaşmasına, damar tıxanıqlığı riskinin yüksəlməsinə və infarkt ehtimalının artmasına səbəb olur.

Mütəxəssis qeyd edib ki, xüsusilə hipertoniya və ürək çatışmazlığından əziyyət çəkən şəxslər daha diqqətli olmalıdırlar. Ani təzyiq dəyişiklikləri, sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə və ya huşunu itirmə hissi yarandıqda dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Ender Özal yay aylarında gündə ən azı 2,5 litr su içməyi, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, yüngül və açıq rəngli geyimlərə üstünlük verməyi məsləhət görüb. O, həmçinin kondisionerli və çox isti mühitlər arasında qəfil keçidlərin ürək xəstələri üçün təhlükəli ola biləcəyini vurğulayıb.