Mütəxəssislərdən xəbərdarlıq: Güclü istilər gənclərdə də infarkt riskini artıra bilər

Avropanı bürüyən isti hava dalğasının yaxın günlərdə Türkiyədə də təsirini gücləndirəcəyi gözlənilir. Mütəxəssislər xüsusilə gəncləri həddindən artıq isti havalarda spirtli içki qəbulu, susuz qalmaq və ağır fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinməyə çağırırlar.

Türkiyəli professor Şövkət Özkaya bildirib ki, yüksək temperatur fonunda orqanizmin yükü artır, ürək daha sürətlə işləyir və bədənin istilik balansını qoruması çətinləşir. Onun sözlərinə görə, bu şəraitdə spirtli içkilərin yaratdığı əlavə maye itkisi infarkt, huşun itirilməsi və digər ciddi sağlamlıq problemləri riskini yüksəldə bilər.

Professor xəbərdarlıq edib ki, bu yay təkcə yaşlılar deyil, gənclər də risk qrupuna daxildir. Xüsusilə günəş altında uzun müddət qalmaq, intensiv idmanla məşğul olmaq və kifayət qədər su qəbul etməmək təhlükəli nəticələrə səbəb ola bilər.

Mütəxəssislər vətəndaşlara günün ən isti saatlarında açıq havada olmamağı, bol su içməyi, fiziki yüklənməni azaltmağı və mümkün qədər kölgəlik yerlərdə qalmağı tövsiyə edirlər. Onların fikrincə, istilik dalğaları qısa müddətdə belə həyati təhlükə yarada bilər.