Şimali Qafqaz Federal Universitetinin alimləri oynaqların möhkəmləndirilməsi, immunitetin gücləndirilməsi və mədə-bağırsaq sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün yeni funksional marmelad hazırlayıblar.
Sherg.az xəbər verir ki, məhsulun tərkibinə sink, dəmir, mis və selen kimi mikroelementlərlə yanaşı, prebiyotiklər, qlükozamin, xondroitin və metilsulfonilmetan (MSM) daxildir. Tədqiqatçılar bildirirlər ki, bu komponentlər oynaq qığırdaqlarını qoruyur, iltihabı azaltmağa və fiziki yüklənmədən sonra bərpa prosesini sürətləndirməyə kömək edir.
100 qramında cəmi 70 kilokalori olan marmeladın tərkibində şəkər və sürətlə mənimsənilən karbohidratlar yoxdur. Məhsulun şirin dadı isə sukraloza vasitəsilə təmin edilir.
Alimlərin sözlərinə görə, bu funksional qida xüsusilə idmançılar, ağır fiziki əməklə məşğul olanlar və uzun məsafəyə qaçan həvəskarlar üçün faydalı ola bilər. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, marmelad dərman vasitəsi deyil və həkimin təyin etdiyi müalicəni əvəz edə bilməz.