Pediatr: Crocs tipli ayaqqabılar uşaq pəncəsinin sağlam inkişafı üçün uyğun seçim deyil

Son dövrlərdə uşaqlar arasında geniş yayılan Crocs tipli ayaqqabıların rahatlığı danılmazdır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu ayaqqabıların uzun müddət və daimi istifadəsi uşaqlarda ayaq quruluşunun düzgün formalaşmasına mənfi təsir göstərə bilər. Yumşaq materialdan hazırlanması və daban hissəsinin kifayət qədər dəstək verməməsi səbəbindən ayaqda yorğunluq, yeriş pozuntuları və bəzi hallarda ayaq ağrıları yarana bilər. Xüsusilə aktiv oyunlar və uzun məsafəli gəzintilər zamanı daha möhkəm və ortopedik dəstəkli ayaqqabılara üstünlük verilməsi tövsiyə olunur. Crocs tipli ayaqqabılar gündəlik qısa müddətli istifadə üçün uyğun sayılsa da, onların əsas ayaqqabı kimi istifadə edilməsi məqsədəuyğun hesab edilmir.

Mövzu ilə bağlı fikirlərini bölüşən pediatr Nurəngiz Hacıyeva Sherg.az-a açıqlamasında bildirib ki,Crocs tipli ayaqqabılar fornalaşmaqda olan uşaq pəncəsinin sağlam inkişafı üçün uyğun seçim hesab olunmur. Onun sözlərinə görə, bu ayaqqabılar əsasən sintetik materialdan hazırlandığı üçün ayaqda tərləməni artırır, nəmli və isti mühit yaradır:

"Ventilyasiya dəliklərinin olmasına baxmayaraq, ayaq ayaqqabının içərisində tam sabit qalmır, sürüşür və narahatlıq hissi yaradır. Bu isə uzunmüddətli istifadədə göbələk infeksiyalarının yaranma riskini artıra bilər".

Pediatr qeyd edib ki, Crocs ayaqqabılar ayaq qövsünə kifayət qədər dəstək vermədiyindən inkişaf dövründə olan pəncənin biomekanikasına mənfi təsir göstərə bilər:

"Xüsusilə hər gün və uzun müddət istifadə edildikdə pəncədə deformasiya, barmaq oynaqlarında isə təkrarlanan mikrotravmalar nəticəsində iltihabi proseslərin yaranma ehtimalı artır. Uşaqlarda daban hissəsinin sabitliyi xüsusilə önəmlidir. Arxa qayışdan istifadə edilmədikdə ayağın ayaqqabı daxilində sürüşməsi oynaq və bağların zədələnməsi riskini yüksəldir. Crocs tipli ayaqqabılar uzun məsafəli gəzintilər və aktiv hərəkət tələb edən fəaliyyətlər üçün də əlverişli deyil. Ayaq ayaqqabı daxilində kifayət qədər möhkəm dayanmadığından uşaq yeriyərkən və ya qaçarkən tarazlığını qorumaq üçün əlavə güc sərf edir. Bu isə ayaq, diz və bel nahiyəsinə əlavə yük düşməsinə səbəb ola bilər. Həmçinin ayağın kifayət qədər sabitlənməməsi burxulma və digər zədələnmələrin riskini artırır".

Pediatr qeyd edib ki, bu tip ayaqqabılar sürüşkən səthlərdə təhlükə yarada bildiyindən yalnız uşaqlar üçün deyil, böyüklər üçün də gündəlik və uzunmüddətli istifadə məqsədilə tövsiyə olunmur. Onun fikrincə, ayağın anatomik quruluşunu dəstəkləyən, nəfəsalan və sabitliyi təmin edən ayaqqabılara üstünlük verilməlidir.