Penis xərçəngi oldu, orqandan 30% kəsildi

Şotlandiyada yaşayan 49 yaşlı mühəndis Alaster Munro penisində yaranan kiçik şişliyin böyüməyə başladığını gördükdən sonra həkimə müraciət edib. Müayinələrdən sonra ona nadir rast gəlinən penis xərçəngi diaqnozu qoyulub. Həkimlər xəstəliyin limfa düyünlərinə yayıldığını müəyyən ediblər.

Alaster 7 saat davam edən ağır əməliyyata girib. Cərrahlar orqanın təxminən 30 faizini, həmçinin xərçəng yayılan limfa düyünlərini çıxarıblar. Daha sonra bud nahiyəsindən götürülən dəri ilə rekonstruksiya aparılıb. İlk əməliyyatdan sonra bədəndə yenə xərçəng hüceyrələri qaldığı üçün o, ikinci dəfə əməliyyat olunub və radiasiya terapiyası alıb.

Hazırda tam sağaldığı açıqlansa da, Alaster ciddi fəsadlarla yaşayır. O, normal sidiyə gedə və cinsi həyat yaşaya bilmir. Həkimlər növbəti iki ildə xəstəliyin yenidən qayıtma riskinin yüksək olduğunu bildirirlər.

Alaster əməliyyatının BBC tərəfindən videoya çəkilməsinə xüsusi məqsədlə razılıq verib. O bildirib ki, kişilər utandıqları üçün simptomları gizlətməməli, hər hansı şiş, qanaxma və ya dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər. Saglamolun.Az