Qan Bankının rəhbəri: Aşura günü toplanan qan ölkənin 2 aylıq ehtiyacını qarşılayır

Azərbaycanda Aşura günü keçirilən könüllü qanvermə aksiyalarında toplanan qan ölkənin iki aylıq qan ehtiyacını qarşılayır.

Bunu Teleqraf-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

Onun sözlərinə görə, həmin gün ölkə üzrə 3-5 min vahid qan toplanır. Bu isə dövlət səviyyəsində böyük göstəricidir.

"1 vahid qan 3 nəfəri xilas edir. 1 vahid qanla 3 komponent alınır: qanın qırmızı hissəsi, yəni eritrosit kütləsi, qanın plazma hissəsi və qanın laxtalanmasına səbəb olan trombosit. Beləliklə, 3 nəfərin həyatı xilas edilir".

Qan Bankının rəhbəri Aşura günü insanları qan verməyə səsləyib.

"Aşura günündə qan çıxarmağın vacibliyi vurğulanır və buna görə bədənə hansısa formada xəsarət yetirməyə çalışırlar. Bunun əvəzinə bura gəlib qanı steril şəraitdə verə bilərlər. Bununla nə qədər insanın həyatını xilas etmiş olarlar".

Qeyd edək ki, iyunun 16-dan Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.