ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən “Sabi” startapı insan düşüncələrini mətnə çevirən geyilə bilən neyrointerfeys texnologiyası üzərində işləyir. Şirkətin hazırladığı xüsusi papaq və ya beret formasındakı cihaz beyində yaranan siqnalları oxuyaraq istifadəçinin daxili nitqini analiz edir və onu ekranda yazı şəklində təqdim etməyi hədəfləyir.
Texnologiya qeyri-invaziv üsulla işləyəcək, yəni beyinə implant yerləşdirilməsinə ehtiyac olmayacaq. “Sabi”nin açıqlamasına görə, cihazda 70 mindən 100 minədək yüksək həssaslıqlı sensor yerləşdiriləcək. Süni intellekt dəstəyi ilə çalışan sistem düşünülən sözləri kompüter əmrlərinə çevirmək üçün hazırlanır.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya xüsusilə danışmaq və ya hərəkət etmək imkanları məhdud olan insanlar üçün yeni ünsiyyət vasitəsinə çevrilə bilər. Şirkət ilk prototipi 2026-cı ilin sonuna qədər təqdim etməyi planlaşdırır.
Mənbə: Wired, Sabi.com