Ötən il dünyada 4 milyondan çox əməliyyat robot dəstəyi ilə icra olunub, Türkiyədə isə bu göstərici 10 min səviyyəsindədir
Ürək əməliyyatlarında robot dövrü başlayıbmı? Sherg.az xəbər verir ki, Acıbadem Üniversitesi Tibb Fakültəsinin Ürək və Damar Cərrahiyyəsi kafedrasının rəhbəri Şahin Şenay, ntv.com.tr oxucuları üçün mövzu ilə bağlı xüsusi məqalə qələmə alıb.
Ürək bədənimizin ən vacib orqanlarından biridir və onu qorumaq sağlam həyatın əsas şərtidir. Xüsusilə son illərdə ürək sağlamlığının mühafizəsi üçün bir çox yeni texnoloji həllər tətbiq olunur ki, robotik əməliyyatlar da bu yeniliklərdən biridir.
Əslində cərrahi robotların yaranma hekayəsi insan əlinin imkanlarını aşmaq ehtiyacından doğub. 1980-ci illərdə hazırlanmış ilk robotik sistemlər, xüsusən NASA-nın dəstək verdiyi layihələr çərçivəsində cərrahın dəqiqliyini artırmaq və çətin şəraitdə təhlükəsiz cərrahi müdaxilələri mümkün etmək məqsədi ilə dizayn edilib. Məqsəd cərrahı əvəzləmək deyil, onun imkanlarını genişləndirmək idi. Bu gün robot əməliyyatlar 3D görüntüləmə, süni intellekt tətbiqləri kimi texnologiyalar sayəsində ürək əməliyyatlarında daha geniş istifadə olunur.
Ürək əməliyyatı dedikdə hələ də bir çox insanın ağlına böyük kəsik və uzun sağalma prosesi gəlir. Halbuki robot ürək cərrahiyyəsi bu təsəvvürü səssiz, lakin güclü şəkildə dəyişməyə başlayıb. Bəs doğrudanmı robotlar ürəyimizi etibar edəcək qədər təhlükəsizdir?
Robotlar hələ avtonom deyil
Robot ürək cərrahiyyəsi ilə bağlı ən geniş yayılmış yanlış düşüncələrdən biri əməliyyatın robotlar tərəfindən tam müstəqil şəkildə aparılmasıdır. Hazırda istifadə olunan cərrahi robotlar avtonom deyil, yəni qərar vermir, təşəbbüs göstərmir. Bütün idarəetmə cərrahın nəzarətindədir. Cərrah xüsusi konsol vasitəsilə robot qolları birbaşa idarə edir.
Robotun üstünlüyü insan əlinin çata bilmədiyi yüksək dəqiqlik, titrəyişsiz hərəkət və dar sahələrdə geniş görmə imkanları təqdim etməsidir. Yəni robot cərrahın yerini tutan bir vasitə deyil, onun təcrübəsini əməliyyata daha təhlükəsiz və nəzarətli şəkildə əks etdirən texnologiyadır.
Xəstələr niyə robot üsulu seçir?
Robot ürək cərrahiyyəsi hər kəs üçün uyğun olmaya bilər, lakin doğru xəstə seçimində ciddi üstünlüklər təqdim edir. Döş sümüyü açılmadan aparılan əməliyyatlar, daha az ağrı, infeksiya riskinin azalması, xəstəxanada qalma müddətinin qısalması və ən əsası gündəlik həyata və ailə mühitinə daha tez qayıdış bu üstünlüklər sırasındadır.
Ötən il dünyada 4 milyondan çox əməliyyat robot dəstəyi ilə icra olunub. Bu göstərici ölkəmizdə təxminən 10 min səviyyəsindədir.
Gələcək artıq buradadır
Bu gün robot cərrahiyyə ürək əməliyyatlarında mühüm üstünlüklər yaradır. Hazırda ürək qapağı əməliyyatları, bypass əməliyyatları və ürək şişlərinin çıxarılması kimi bir çox müdaxilə robot dəstəyi ilə həyata keçirilə bilir.
Türkiyədə də bu sahədə əhəmiyyətli klinik təcrübə formalaşıb və tətbiq edilən üsullar xəstələrin daha sürətli sağalmasına töhfə verir. Robot ürək cərrahiyyəsi bir xəyaldan ibarət deyil -düzgün xəstə seçimi, uyğun mərkəz və təcrübəli cərrahla güclü və effektiv müalicə seçimidir.