Rusiyada baş verən qeyri-adi hadisə dünya mediasının diqqətini çəkib. 50 yaşlı Yuri aylarla davam edən göz ağrısı ilə xəstəxanaya müraciət etdikdən sonra həkimlər onun kəllə sümüyündə 12 santimetrlik ağac budağı aşkar ediblər.
Hadisə təxminən ilyarım əvvəl bağda ağac budayarkən baş verib. Yuri sol gözündə kəskin ağrı hiss etsə də, kiçik qırıntının dəydiyini düşünüb və vəziyyətə ciddi yanaşmayıb. Zaman keçdikcə ağrılar artıb, görmə zəifləyib və güclü baş ağrıları başlayıb.

MRT və tomoqrafiya zamanı ağac parçasının göz boşluğundan daxil olaraq sinusları keçdiyi və beynin həyati damarlarına millimetrlərlə yaxın olduğu müəyyən edilib. Həkimlər riskli əməliyyatı açıq üsulla deyil, endoskopik yolla - burun dəliklərindən daxil olaraq həyata keçiriblər.
Saatlarla davam edən əməliyyat nəticəsində ağac budağı uğurla çıxarılıb. Həkimlər parçanın beynə və əsas damarlara zərər vermədən qalmasını “möcüzə” adlandırıblar. Yuri isə görmə qabiliyyətini tam itirmədən xilas edilib.