Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.
Bu barədə Sherg.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin iyul ayından səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışan Rüfət Hacıəlibəyov bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmiş, səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin etmişdir. Səhiyyə nazirinin müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxildir.
Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. Uzunmüddətli fəaliyyəti ərzində korporativ və dövlət sektoru üçün mürəkkəb texnoloji layihələrin idarə edilməsindən başlayaraq, Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib.
Azərbaycanda informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Azərbaycan Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.