“Səssiz qatil”ə diqqət: Mütəmadi ölçmək həyatı xilas edir

Türkiyəli kardioloq İbrahim Dönməz hipertoniya xəstəliyinin ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri olduğunu bildirərək, yüksək təzyiqin çox vaxt heç bir əlamət vermədən inkişaf etdiyini və buna görə də “səssiz qatil” adlandırıldığını deyib.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, hipertoniya infarkt, insult, ürək çatışmazlığı və böyrək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Xəstəlik geniş yayılsa da, bir çox hallarda simptomlar ortaya çıxmadığı üçün insanlar diaqnozu yalnız ağırlaşmalar yarandıqdan sonra öyrənirlər.

Mütəxəssis vurğulayıb ki, təzyiqin mütəmadi ölçülməsi erkən diaqnostika baxımından böyük əhəmiyyət daşıyır. Hipertoniya bəzi hallarda baş ağrısı, başgicəllənmə, ürəkdöyünmə, nəfəs darlığı və burun qanaxması ilə müşayiət olunsa da, əksər hallarda gizli gedişata malik olur.

Dönməz qeyd edib ki, duz istehlakının azaldılması, müntəzəm fiziki aktivlik, sağlam qidalanma, normal çəkinin qorunması, siqaret və həddindən artıq alkoqoldan uzaq durmaq hipertoniya riskini azaltmağa kömək edir.

Onun sözlərinə görə, erkən diaqnoz və düzgün müalicə ilə yüksək təzyiq nəzarət altına alına bilər, bu da ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə azalmasına şərait yaradır.