Siqareti tərgitmək istəyən 1 milyon nəfərə pulsuz dərman veriləcək

Türkiyədə siqaretdən imtina etmək istəyən və müalicə alan vətəndaşlara dövlət hesabına dərman dəstəyi göstəriləcək.

Sherg.az xəbər verir ki, müvafiq qərar Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənərək rəsmi qəzetdə dərc olunub və qüvvəyə minib.

Qərara əsasən, siqareti tərgitmə müalicəsi alan ən çoxu 1 milyon nəfər sosial sığortasının olub-olmamasından asılı olmayaraq, Səhiyyə Nazirliyi tərəfindən təmin edilən dərmanlardan ödənişsiz yararlana biləcək.

Vətəndaşlara nikotin əvəzedici preparatlar, həmçinin bupropion, vareniklin və sitizin tərkibli dərmanlar tütün asılılığının müalicəsi və təlim mərkəzləri vasitəsilə təqdim olunacaq.

Məlumata görə, hazırda Türkiyədə təxminən 15-19 milyon nəfər siqaret çəkir. Səhiyyə Nazirliyinin 2026-cı il məlumatlarına əsasən, ölkədə hər üç nəfərdən biri tütün məmulatlarından istifadə edir.