Alimlər uzun illərdir müzakirə olunan “telefon şüalanması beyin xərçəngi yaradır” iddiasının doğru olmadığını bildiriblər. Bu barədə professor Vera Larina da real təhlükələrə diqqət çəkərək açıqlama verib.
Sherg.az xəbər verir ki, Yaponiyada və Cənubi Koreyada aparılan genişmiqyaslı araşdırmada siçanlar uzun müddət mobil telefon şüalanmasına məruz qalıb. Nəticələr göstərib ki, hətta maksimum təhlükəsizlik həddində belə şişlərin yaranma riski artmayıb və beyin, ürək və digər orqanlarda fərq aşkarlanmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müxtəlif illərdə apardığı araşdırmalar da telefon istifadəsi ilə beyin xərçəngi arasında birbaşa əlaqə tapmayıb.
Mütəxəssislər bildirirlər ki, son 20–30 ildə mobil telefon istifadəsi kəskin artsa da, beyin xərçəngi statistikasında ciddi dəyişiklik qeydə alınmayıb.
Bununla belə, həkimlər smartfonların başqa sağlamlıq risklərini də vurğulayır: yuxu rejiminin pozulması, boyun və onurğa ağrıları, göz yorğunluğu və uşaqlarda hərəkətsizlik problemi.
Mütəxəssislərin tövsiyəsinə görə, ekran qarşısında uzun müddət qalmaqdan qaçınmaq, fasilələr vermək və xüsusilə uşaqlarda ekran vaxtını məhdudlaşdırmaq vacibdir.