Türk beyin cərrahı dünya ilk onluğunda

Türkiyə beyin cərrahiyyəsi və radiocərrahiyyə sahəsində beynəlxalq səviyyədə diqqətçəkən uğura imza atıb.

Sherg.az xəbər verir ki, alimlərin elmi məhsuldarlığını, elmi təsirini və tədqiqatlarının keyfiyyətini nəşrlər, istinadlar və h-indeks kimi obyektiv meyarlar əsasında qiymətləndirən ScholarGPS platformasının açıqladığı nəticələrə görə, son beş ildə radiocərrahiyyə sahəsində fəaliyyət göstərən 20 743 alim arasında professor Səlcuq Peker dünyada 8-ci yeri tutub. O, neyrocərrahiyyə sahəsində isə 47 905 alim arasında 563-cü sırada qərarlaşıb.

Dünya ilk onluğuna daxil olmasını tarixi nailiyyət kimi qiymətləndirən professor Səlcuq Peker bildirib ki, bu nəticə Türkiyədə aparılan elmi tədqiqatların beynəlxalq səviyyədə tanındığını və ölkənin dünya elmi ədəbiyyatına mühüm töhfələr verdiyini göstərir.

Radiocərrahiyyə kimi yüksək texnologiya və xüsusi ixtisaslaşma tələb edən bir sahədə dünyada 8-ci yerdə qərarlaşmağın böyük qürur mənbəyi olduğunu deyən Peker vurğulayıb ki, bu uğur təkcə fərdi nailiyyət deyil, həm də güclü klinik baza, davamlı elmi fəaliyyət və komanda işinin nəticəsidir. Onun sözlərinə görə, düzgün yanaşma, uzunmüddətli zəhmət və beynəlxalq əməkdaşlıqlar sayəsində Türkiyədə aparılan tədqiqatlar da dünya miqyasında görünür ola bilir.

Gənc həkimlərə müraciət edən professor qeyd edib ki, dünya elminə töhfə vermək üçün mütləq ən böyük xarici mərkəzlərdə çalışmaq lazım deyil. Türkiyədən də qlobal miqyasda uğur qazanmaq mümkündür.

Səlcuq Peker bildirib ki, xüsusilə Gamma Knife və stereotaktik radiocərrahiyyə texnologiyaları sahəsində Türkiyənin təcrübəsi beynəlxalq maraq doğurur. Son illərdə müalicə və təhsil məqsədilə xaricdən Türkiyəyə gələn xəstə və həkimlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Həkimlər yalnız texnologiyanı yaxından görmək üçün deyil, həm də xəstə seçimi və müalicə planlaşdırılması proseslərini öyrənmək məqsədilə Türkiyəyə üz tuturlar.

Professorun fikrincə, Türkiyə gələcəkdə qlobal radiocərrahiyyə mərkəzlərindən birinə çevrilə bilər. Bunun üçün elmi tədqiqatların və beynəlxalq layihələrin sayının artırılması vacibdir. O vurğulayıb ki, regional mərkəz olmaq yalnız xəstə qəbul etmək deyil, həm də bilik istehsal etmək, təlim keçmək və beynəlxalq araşdırmalara rəhbərlik etmək deməkdir.

Gələcəkdə süni intellektin beyin cərrahiyyəsində mühüm rol oynayacağını qeyd edən Peker bildirib ki, müalicə qərarları yalnız MRT görüntülərinə əsaslanmayacaq. Xəstənin genetik xüsusiyyətləri, şişin bioloji quruluşu və süni intellektə əsaslanan risk analizləri müalicə prosesində daha böyük əhəmiyyət daşıyacaq. Bununla belə, o, texnologiyanın inkişafına baxmayaraq, həkimlik sənətinin və insan faktorunun hər zaman əsas rol oynayacağını vurğulayıb.