Türkiyədə skoliozlu uşaqların sayı 1 milyonu ötür

Mütəxəssislər bildirirlər ki, Türkiyədə böyümə dövründə olan təxminən 1-1,5 milyon uşaqda skolioz (onurğa əyriliyi) müşahidə olunur.

Sherg.az xəbər verir ki, iyun ayının Skolioz Maarifləndirmə Ayı olduğunu xatırladan həkimlər erkən diaqnozun müalicədə həlledici rol oynadığını vurğulayıblar.

Onların sözlərinə görə, xəstəlik vaxtında aşkar edilərsə, bir çox hallarda əməliyyata ehtiyac qalmadan korset və fiziki terapiya ilə uğurlu nəticə əldə etmək mümkündür. Valideynlərə, xüsusilə yeniyetmə qızların çiyinlərində, bel nahiyəsində və ya kürəyində asimmetriya müşahidə etdikdə mütəxəssisə müraciət etmələri tövsiyə olunur.

Mütəxəssislər qeyd edirlər ki, müalicə olunmayan və irəliləyən skolioz gələcəkdə ağrılara, həyat keyfiyyətinin aşağı düşməsinə, hətta tənəffüs və ürək problemlərinə səbəb ola bilər. Buna görə də erkən müayinə və müntəzəm nəzarət böyük əhəmiyyət daşıyır.