Uşağın sağlam inkişafı üçün üç əsas prinsip var -Pediatrdan AÇIQLAMA

"Uşağın sağlam inkişafı üçün üç əsas prinsip var: onu ifrat təmizliyə öyrəşdirməmək, daim yedizdirməmək və həddindən artıq isti mühitdə saxlamamaq" 

Sherg.az xəbər verir ki, bu sözləri pediatr Nurəngiz Hacıyeva deyib. 

Həkimin sözlərinə görə, uşağın əli hər çirklənən kimi yuyulmamalı, yerə düşən hər əşya dərhal steril edilməməlidir:

"Uşaq ətraf mühitlə təmasda olduqca müxtəlif mikroorqanizmlərlə qarşılaşır və bu da immun sisteminin formalaşmasına kömək edir. Bütün xəstəliklərdən ifrat təmizlikdən gəlir. Heç görmüsüz, bir qaraçının uşağı xəstələnə? Bir ayaqyalın gəzən uşaq xəstələnə? Ətraf mühitlə əlaqədə olanda insan mikroblarla zəngin olur. İnsan bütünlükdə mikrobdan ibarətdir. Uşaqları triklozanlı (safeqard və. )sabunlarla yumayın. Onun mikrob bareyerini yuyursuz.Triklozan tərkibli antibakterial sabunlardan tez-tez istifadə etmək dəri üzərindəki təbii mikrob balansını poza bilər. İndi beyində inkişaf geriliyi olanda mikrofloraya müalicə yazırlar. Qurddan isə heç danışmıram.Bizim millət ancaq qurd mütəxəssisi axtarır. Əslində müalicə bir tablet albendazolla düzəlir". 

N.Hacıyeva qeyd edib ki, qidalanmada isə əsas prinsip uşağın fasiləsiz deyil, yaşına uyğun qidalanma rejimi ilə yeməsidir. Yeməklər arasında kifayət qədər fasilə olduqda uşaq iştahla yeyir və qidalanması daha səmərəli olur:

"Ac olanda iştahla yeyir və yediyi tez qana sovrulur. Yemək arası 4 saat olmalı, uşaqlar daim yedizdirilməməlidir".

Pediatr hesab edir ki, uşağın həddindən artıq isti otaqda saxlanılması da doğru deyil:

"Təxminən 22°C otaq temperaturu, təmiz hava, müntəzəm gəzinti və sərin mühitə uyğunlaşma orqanizmin möhkəmlənməsinə kömək edir. Nə qədər çox sərində olursa möhkəmlənir, qan dövranı yaxşı olur. Sərin suda vanna edirsiz, soyuğa davamlı olur.

Həftə sonu uşaqların səhər saat 8-9 radələrində açıq havada olmağına şərait yaradın. Həmin saatlarda açıq havada olmaq və günəş şüalarından düzgün şəkildə faydalanmaq D vitamininin yaranmasına dəstək verir. Unutmayın ki, Vitamin D çılpaq bədəndə yaranır". 

Həkim son olaraq qeyd edib ki, uşağın sağlam böyüməsi üçün təbiilik, balanslı qidalanma, açıq hava və ifrata varmayan gigiyena ən vacib amillərdəndir.