Göz xəstəlikləri üzrə mütəxəssis professor doktor Sevil Karaman bildirib ki, rəqəmsallaşmanın təsiri ilə uşaqlarda miopiyanın yaranma yaşı getdikcə azalır və gündəlik ekran istifadəsi iki saatdan az olmalıdır.
Bu gün sürətlə artan ekran istifadəsi uşaqların göz sağlamlığı üçün qalıcı zədələr yaratmaq riski daşıyır. Planşet, telefon və kompüterdən nəzarətsiz istifadənin geniş yayılması uşaqların göz sağlamlığını ciddi təhlükə altına salır. Rəqəmsallaşmanın təsiri ilə uşaqlarda miopiyanın görülmə yaşı da getdikcə aşağı düşür.
Sherg.az xəbər verir ki, Miopiya ilə Mübarizə Həftəsi çərçivəsində fikirlərini bölüşən Karaman bildirib ki, bu gün uşaqlar çox daha erkən yaşlarda miopiya problemi ilə üzləşirlər. O qeyd edib:
“Valideynlər ekran vaxtını məhdudlaşdırmağa çalışsalar da, bu təkbaşına kifayət etmir. Uşaqların həyat tərzi, genetik meyillilik və gündəlik fəaliyyətləri birlikdə qiymətləndirilməlidir.”
Karaman vurğulayıb ki, miopiyanın qarşısının alınması və onun inkişafının ləngidilməsi üçün ətraf mühit faktorları böyük əhəmiyyət daşıyır:
“Uşaqlar gündə ən azı iki saat açıq havada vaxt keçirməlidirlər. Ekran qarşısında qalma müddəti mümkün qədər iki saatdan az saxlanmalıdır. Bununla yanaşı, oxu və yaxın məsafədən işləmə şəraiti də düzgün təşkil edilməlidir.”
Karaman bildirib ki, miopiyanın tam qarşısını almaq mümkün olmayan hallarda onun irəliləmə sürətini nəzarət altına almaq mümkündür. O deyib ki, damcı müalicələri, xüsusi eynəklər və kontakt linzalar vasitəsilə xəstəliyin inkişafını yavaşlada bilirlər və illik artımın 0.25–0.50 səviyyəsində saxlanılması onlar üçün çox önəmlidir.
Karaman qeyd edib ki, miopiyanın hər bir artımı göz sağlamlığı baxımından ciddi risklər yaradır:
“Hər bir dioptriya artımı gözün arxa hissəsində yarana biləcək ciddi fəsadların riskini artırır. Buna görə erkən diaqnoz və müntəzəm nəzarət çox vacibdir. Valideynlərin bu məsələdə maariflənməsi, uşaqların mütəmadi göz müayinəsinə aparılması və lazımi tədbirlərin görülməsi gələcəkdə yarana biləcək ciddi göz xəstəliklərinin qarşısını ala bilər.”