Son günlər uşaqlar arasında qusma və ishal hallarında artım müşahidə olunur. Mütəxəssislər valideynləri diqqətli olmağa çağıraraq, xüsusilə maye itkisinin uşaqlar üçün ciddi təhlükə yarada biləcəyini bildirirlər.
Sherg.az xəbər verir ki, Türkiyəli uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Mustafa Kılıçın sözlərinə görə, yay mövsümünün yaxınlaşması ilə viral infeksiyalar və qida mənşəli xəstəliklər daha geniş yayılır. Bu səbəbdən xəstəxanalara qusma və ishal şikayətləri ilə müraciət edən uşaqların sayında nəzərəçarpacaq artım qeydə alınır.
Həkim qeyd edib ki, qusma və ishal nəticəsində yaranan maye itkisi qısa müddətdə təhlükəli həddə çata bilər. Valideynlər uşaqlarında yüksək hərarət, ağız quruluğu, halsızlıq, gözlərin içinə çökməsi və sidik ifrazının azalması kimi əlamətlər müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər.
Mütəxəssis xəstəliklərdən qorunmaq üçün uşaqların yalnız təmiz su qəbul etməsinin vacibliyini vurğulayıb. O, həmçinin əl gigiyenasına ciddi riayət edilməsini və açıq şəraitdə satılan qidalardan uzaq durulmasını tövsiyə edib.
Mustafa Kılıç valideynləri özbaşına dərman istifadəsindən çəkinməyə çağıraraq bildirib ki, vaxtında göstərilən tibbi yardım mümkün ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.