Klinik psixoloq İrina Qrekova məlumatı yadda saxlamaq qabiliyyətini bərpa etməyin yollarını açıqlayıb.
Qrekova bildirib ki, insanlar süni intellekt, axtarış sistemləri və mobil cihazlardan nə qədər çox istifadə edirsə, məlumatı bir o qədər zəif yadda saxlayırlar.
Sherg.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, “rəqəmsal amneziya”nın əsas səbəbi odur ki, insan zəhmətsiz əldə etdiyi informasiyanı beynində dəyərli hesab etmir. Əvvəllər məktəb və universitetlərdə məlumatı oxumaq, konspekt yazmaq və təkrar etmək lazım gəlirdi - bu proses yaddaşı gücləndirirdi.
İndi isə insanların kitabxanada saatlarla oturmasına ehtiyac qalmayıb. Beyin telefonu sadəcə “yaddaş dəftəri” və “naviqator” kimi qəbul edir: məlumatın özünü deyil, onun harada tapılacağını xatırlayır - interneti.
Psixoloq qeyd edib ki, beynin düşünmə “tənbəlliyi” də bununla bağlıdır: insan bilir ki, istənilən məlumatı saniyələr içində əldə edə bilər, buna görə də onu yadda saxlamağa əlavə enerji sərf etmir.
Bundan başqa, müasir dövrdə insanlara əvvəlkindən qat-qat çox mətn, video və audio material çatır. Beyin bu informasiya yükünü tam emal edə bilmir və özünü qorumaq üçün bir hissəsini sadəcə “süzür”.
Nəticədə diqqət dağılır, informasiyanın uzunmüddətli yaddaşa keçməsi çətinləşir.
Mütəxəssis yaddaşı gücləndirmək üçün bir neçə üsul da tövsiyə edib:
Məlumatı ucadan oxumaq
Öz sözləri ilə yenidən izah etmək
Kağız üzərində qeyd etmək (telefon qeydləri əvəzinə)
Mütəmadi təkrar etmək
Psixoloqa görə, bu üsullar beynin məlumatı daha yaxşı emal etməsinə və uzunmüddətli yaddaşda saxlamasına kömək edir.