Mütəxəssislər bildirirlər ki, UV qoruması olmayan keyfiyyətsiz gün eynəkləri göz sağlamlığını təhlükə altına salır və müxtəlif göz xəstəliklərinin yaranma riskini artırır.
Sherg.az xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis Yavuz Özpınarın sözlərinə görə, gün eynəyi yalnız estetik məqsəd daşımır, həm də gözləri zərərli ultrabənövşəyi (UV) şüalardan qoruyan vacib vasitədir. Gözlərin uzun müddət günəş şüalarına məruz qalması erkən katarakta, pterigium (göz əti) və sarı nöqtə xəstəliyinin yaranmasını sürətləndirə bilər.
Mütəxəssis vurğulayır ki, UV filtri olmayan eynəklər əks təsir göstərərək göz bəbəyinin genişlənməsinə səbəb olur. Bu zaman göz daha çox ultrabənövşəyi şüa qəbul edir və nəticədə katarakta, pterigium, sarı nöqtə və bəzi torlu qişa xəstəliklərinin inkişaf riski artır.
Yavuz Özpınar qeyd edir ki, lisenziyalı gün eynəklərində UV400 qorumasının olması əsas şərtdir. Bundan əlavə, istifadə məqsədinə uyğun olaraq polarizasiya və ya antirefle örtüklü modellərə üstünlük verilə bilər. O, vətəndaşlara gün eynəyi seçərkən təsadüfi məhsullardan uzaq durmağı və etibarlı optika mütəxəssislərinə müraciət etməyi tövsiyə edir.