Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində həbsdə olanların dəyişdirilməsi sahəsindəki vəziyyət Azərbaycan və Ermənistan media nümayəndələrinin qarşılılıqlı səfərləri ilə müqayisədə optimist deyil. Lakin biz bu istiqamətdə hərəkət etməliyik.
Oxu.Az-ın xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Qremingerle görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, Ermənistanın Müdafiə naziri David Tonoyanın “Qarabağ məsələsi həll olunub” açıqlamasına da münasibət bildirib.
S.Lavrov qeyd edib ki, münaqişə tərəflərinin səsləndirdiyi fikirlər konfliktin həllinə kömək etmir.
“Noyabrın ilk on günlüyündə ATƏT-in Daimi Şurasında həmsədrlərin çıxışı zamanı daha müsbət atmosfer yaratmaq üçün bu vəziyyətdən istifadə etməyə çalışmaq vacibdir. İndi əsas məsələ budur. Amma Qarabağ probleminin bu şəkildə (Tonoyanı nəzərdə tutur - red.) həll edilə biləcəyini söyləyən ifadələr məsələyə kömək etmir”.
Xatırladaq ki, bir neçə gün öncə D.Tonoyan jurnalistin “Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?” sualına pafosla və məntiqsiz cavab verib.
“Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”, - o qeyd edib.