“Cənab Prezident hər zaman fəaliyyətdə olan vəzifə sahiblərini və təyinat alan şəxsləri qəbul edərkən onlara mühüm mesajlar verir”. Bu sözləri Sherg.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, Prezident Administrasiyasının vətəndaşların ərizə və şikayətləri ilə bağlı qurumu var:
“Həmin qurum hesabatları ictimaiyyət üçün də açıqlayır. Görünür ki, yerlərdə məhz vətəndaşları düzgün qəbul etməməyin nəticəsi olaraq ölkə başçısına, Birinci vitse-prezidentə və digər vəzifəli şəxslərə çoxlu şikayətlər gəlir. Ola bilsin ki, bu şikayətlərin müəyyən hissəsi haqlı olmasın. Mərkəzi icra hakimiyyəti orqanlarının və rəhbərləri vətəndaşları müasir texnologiya ilə qəbul edir.
Sahib Məmmədov: "Gedib ilk növbədə veb-səhifələri düzəltməlidirlər"
Məsələn, kimsə evində oturub video bağlantıya qoşulur. Yerli icra hakimləri də bundan nümunə götürməlidirlər. Tutaq ki, nisbətən yaşlı nəsil internet kommunikasiya texnologiyalarını bilmirdi, ənənəvi üsullara öyrəşmişdi. Amma indiki gənc kadrlar bunlardan istifadə etməlidir. Gedib ilk növbədə veb-səhifələri düzəltməlidirlər. Bununla vətəndaşların problemi ilə daha ciddi və dərindən məşğul ola bilərlər. Məhz ölkə başçısı da çıxışında bu məqamları diqqətə çatdırdı. Yerli məmurlar vətəndaşlarla mütəmadi təmasda olmalıdırlar, problemləri dinləyib, həllinə çalışmalıdırlar”.
Qeyd edək ki, Prezident İlham Əliyev Yexlax və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçılarını qəbul edib. Prezident görüş zamanı bildirib ki, icra başçılarının qarşısında duran əsas vəzifə vətəndaşlarla daim təmasda olmaq, bütün kəndləri gəzmək və kənd camaatı ilə görüşməkdir. Onun sözlərinə görə, icra başçılarının işi yalnız kabinetdən ibarət olmamalıdır. Vətəndaşların problemlərini dərindən öyrəmək üçün onlarla mütmadi görüşlərin keçirilməsi vacibdir.