Sosial şəbəkələrdə Primakovun Bakıdakı sərgisinə qatılmağımla bağlı iddialar məni olduqca qəzəbləndirdi. Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Səməd Seyidov çıxış edib.
"Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim 20 Yanvar şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvi Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər.
Sevinc Fətəliyevaya və həmin vaxt Brüsseldə olan Sahibə Qafarovaya qarşı da eyni böhtanı atan bu şəxslərin məqsədi heç bir əsası olmayan, yalan və böhtan xarakterli iddialar irəli sürərək, Dövlətimizin maraqlarını hər zaman hər şeydən üstün tutan, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən insanların əməklərini heçə sayaraq, çirkin şəkildə ləkələmək, insanlarda onlara qarşı nifrət hissi oyatmaqdır. O dərəcədə çirkindirlər ki, mənim Avropa Şurasında çəkilmiş şəklimi həmin tədbirdəki kimi təqdim etməkdən, xəbərim belə olmadığı bir tədbirdə iştirak etdiyimi iddia etməkdən belə utanmırlar!" - Səməd Seyidov bildirib.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas səbəbkarlarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Səməd Seyidovun da iştirak etdiyi haqda qeyri-səhih məlumat yayılmışdı.