Ermənistanın eks-prezidenti Serj Sarqsyan Baş nazir Nikol Paşinyan tərəfindən aralarındakı razılaşmaya riayət olunmamasından şikayət etmək üçün Avropaya gedib.
“Sputnik Armeniya”nın məlumatına görə, bu sözləri politoloq Armen Badalyan deyib.
Martın beşində Serj Sarqsyan Belçikada Avropa Xalq Partiyasının lideri Donald Tusk və “Vilfrid Martens” Avropa Tədqiqatları Mərkəzinin rəhbəri, Slovakiyanın keçmiş baş naziri Mikolaş Curinda ilə görüşüb.
Badalyanın sözlərinə görə, görüşlər məhz Sarqsyanın təşəbbüsü ilə baş tutub.
“O, ancaq Avropa istiqamətində gedir, gələcəyi partiyası üçün orada görür. Rusiyaya gedə bilməz, çünki getsə “məxməri inqilab”la bağlı bir çox şeylərə: xüsusən “Baş nazir postuna özü deyil, Karen Karapetyan namizəd olsa, hakimiyyət dəyişikliyi olardımı?” sualına cavab verməli olacaq”, - deyə politoloq bildirib.
Erməni politoloq ölkə mətbuatında bir çox hallarda hakimiyyətin Serj Sarqsyan və Robert Koçaryana qarşı münasibətinin eyniləşdirilməsinə baxmayaraq, əslində vəziyyətin tamamilə fərqli olduğunu bildirib:
“Koçaryan barəsində heç qətimkan tədbirinin dəyişdirilməsinə də icazə vermirlər. Üçüncü prezident isə rahat şəkildə Avropaya gedir. Bu vəziyyəti ölkənin keçmiş və hazırkı rəhbərliyi arasında hakimiyyətin ötürülməsi zamanı müəyyən razılaşmaların əlaməti hesab etmək olar”.