Hamı türklərdən danışır: “Yeni dünya düzənində türklər aparıcı rol oynayacaq” – Zirvə görüşü...

Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşü bütün dünya dövlətlərinin marağına səbəb olub. Onlar Azərbaycanın çox ciddi təşəbbüslə çıxış etdiklərini etiraf edirlər.

Bəs bu əhəmiyyət nədən ibarət olacaq? 

Sualmızı cavablandıran politoloq Natiq Miri “Sherg.az”a Zirvə görüşünün bizə bir neçə cəhətdən divident gətirəcəyini bildirib:

 “Azərbaycan beynəlxalq ictimaiyyətə mesaj ötürdü. Hökumətimiz göstərdi ki, bu təhlükə ilə tək başına mübarizə aparmaq məqsədəuyğun deyil. Pandemiya ilə mübarizədən qalib ayrılmaq üçün birləşmək lazımdır. Azərbaycan tərəfi  bu istiqamətdə ilk addımı atmaqla hər kəsə nümunə oldu”




“Pandemiya ilə mübarizədən qalib ayrılmaq üçün birləşmək lazımdır. Azərbaycan bu istiqamətdə hər kəsə nümunə oldu”

N.Miri koronavirusla mübarizədə türk dövlətlərinin  fəallıq nümayiş etdirdiklərinə də diqqət çəkdi:

“Qardaş Türkiyə də öz növbəsində çox xeyirxah addımlar atdı. Dünyanın 80-dən çox ölkəsinə yardımlar, o cümlədən zəruri tibbi avadanlıqlar göndərməklə örnək oldu. İndi hamı türklərdən danışır. Bu, onu deməyə əsas verir ki, yaranmaqda olan yeni dünya düzənində türklər aparıcı rol oynayacaq”. 

 Politoloqun sözlərinə görə, bu təşəbbüs Dağlıq Qarabağ probleminin həllində də bizə yardım olacaq:

 “Zirvə görüşü sayəsində Azərbaycan 120 ölkə ilə əlaqə yaratdı. Bu, gələcəkdə torpaqlarımızın azad olunmasında bizə kömək edəcək. Ermənistanla münaqişənin sülh yolu ilə həll olunması artıq mümkün deyil. Yəni yeganə çıxış müharibədir. Həmin dövlətlər Dağlıq Qarabağ probleminin hərbi yolla həllində bizə dəstək göstərə bilərlər”.